Siyasət

ABŞ-ın müvəqqəti işlər vəkili Qubad İbadoğlunun vəkilləri ilə görüşüb

Sentyabrın 1-də ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun vəkilləri Bəhruz Bayramov və Zibeydə Sadıqova ilə görüşüb.

Görüşdə Zibeydə Sadıqova və Bəhruz Bayramov İbadoğlunun işi və onun səhhəti ilə bağlı məlumat veriblər, bu barədə Turan-a vəkil Bayramov bildirib.

“Qubad İbadoğlunun səhhətinin ağır durumu, ona təyin edilmiş dərmanların qurtarması və hüquqlarının müdafiəsi ilə bağlı aparığımız iş barədə fikir mübadiləsi apardıq. Hüqo Qevara Amerika hökumətinin Qubad İbadoğlunun işini ciddi şəkildə izələdiyini, ABŞ Dövlət Departamentinin, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliynin digər bir neçə ölkənin səfirləri ilə birgə bəyanat verdiyini bildirib”, deyə o qeyd edib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Avqustun 25-də ona qarşı “dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması” ittihamı da irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Bənzər yazılar

Back to top button