GündəmİqtisadiyyatManşet

AZERTAC tarixinin ən çox oxunan xəbərini sildi

London məhkəməsi ədaləti bərpa etməyib?

Məlum olduğu kimi, Britaniyanın Milli Cinayət Agentliyi (NCA) azərbaycanlı siyasətçi və biznesmen Cavanşir Feyziyevlə bağlı bank hesablarındakı milyonlarla funt-sterlinqi müsadirə edib.

Bu haqda agentlik rəsmi məlumat yayıb. Söhbət “Azərbaycanın pulyuyan maşını” adlı beynəlxalq pulyuma sxemindən əldə olunan milyonlardan gedir.

Maliyyə müstəntiqləri deputat, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarındakı 5.6 milyon funt-sterlinq məbləğində vəsaiti müsadirə ediblər.

Agentlik bildirir ki, hərtərəfli təhqiqat nəticəsində deputatın həyat yoldaşı Rərvanə Feyziyeva, övladlarında biri Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına hesablar üzrə altı Hesab Dondurma Orderi əldə edilib.
Təhqiqatçılar bu hesablardakı pulların Azərbaycanın pulyuyan maşını sxemindən əldə edilməsindən şübhələniblər.
Sxem çərçivəsində vəsait Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.

Vestminister Magistr Məhkəməsində üç həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, məqsədin pulyuma fəaliyyətini pərdələmək olmasına yetərincə dəlil olması qənaətinə gəlib.

Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.
Agentliyin Mülki Bərpa şöbəsinin rəhbəri Endi Lyus bunu Azərbaycanın pulyuyan maşını çərçivəsində müsadirə olunan əhəmiyyətli məbləğ adlandırıb. “Uğurumuz bu sxemlərdən istifadə edən hər kəsə riskin olduğunu ortaya qpyur. Biz orijinal kriminal fəaliyyətin dəqiq xarakterini sübut etmədən bu milyonları qaytara bildik. Böyük Britaniyaya qeyri-legitim yollarla daxil olan pulu hədəfə almaq üçün sivil gücdən istifadəni davam etdirəcəyik”, – o vurğulayıb.

Milli İqtisadi Cinayət Mərkəzinin direktor müavini Ben Rassel isə deyib: “Bu iş NCA-nın beynəlxalq korrupsiya və ona bağlı pulyumanı araşdıraraq müsadirə etmək öhdəliyinin təsdiqidir. Böyük Britaniya qanunsuz maliyyəyə qarşıdır, onu aşkarlamaq üçün mümkün vasitələrdən istifadə edəcək”.

Cavanşir Feyziyev, yaxud ailə üzvləri bu xəbərə hələlik, münasibət açıqlamayıb.

“Azərbaycanın pulyuyan maşını” adlı araşdırma 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığını iddia edib. Bu vəsaitin bir qisminin avropalı deputatları ələ almaq üçün xərcləndiyi bildirilirdi.
London, 31 yanvar, AZƏRTAC

Xəbər verildiyi kimi, London məhkəməsi mülki iş üzrə Pərvanə Feyziyevaya, Orxan Cavanşirə və Elman Cavanşirə məxsus bank hesablarında olan 15 milyon funt sterlinqi dondurmuşdu.

Lakin bu xəbərlə eyni vaxtda Azərbacanın rəsmi media quruluşu olan AZERTAC London məhkəməsinin Feyziyevin leyhinə qərar verdiyini bildirən xəbər dərc edib.

“London məhkəməsi ədaləti bərpa etdi” başlıqlı yazıda iddia olunurdu ki, məhkəmə Cavanşir Feyziyev və ailəsinə məxsus bütün pulları müsadirə etmədiyindən, qərarı Feyziyevin xeyrinə saymaq olar.

Lakin sosial şəbəkələrdə 1 gün ərzində xəbərin paylaşılaraq gülüş obyektinə çevrilməsindən sonra “mətbuatın patronları” bəhsikeçən yazını saytda silməyə məcbur olublar.

“24 saat” AZETRACın tarixində ən çox oxunan yazını olduğu kimi yenidən dərc edir:

AZƏRTAC xəbər verir ki, London məhkəməsi həmyerlilərimizin xeyrinə qərar çıxarıb.

Ötən ilin noyabr ayında iki həftə davam edən araşdırmaların nəticəsini məhkəmə hakimi elan edib.

Hakim Con Zaninin qənaətinə görə hesablarda olan vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü London məhkəməsində heç bir şübhə doğurmur. Hakim proses zamanı təqdim olunmuş sübutları araşdıraraq qərara gəlib ki, həmin vəsaitlər qanuni yolla qazanılıb. Ona görə də hakim Con Zani həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edib.

Qalan 5 milyon vəsaitin köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim izah edib ki, bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır. Böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankın fəaliyyətində şəffaflığın olmaması həmin bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşməsinə səbəb olub. Hakim belə qənaətə gəlib ki, pulların köçürülməsi ilə məşğul olan bankların daxili nəzarət sistemlərində mövcud olan boşluqlar şübhə doğurur, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.

Cavabdehlərin sözçüsü Coş Kemeron Britaniya mətbuatına açıqlamasında bildirib ki, müdafiə tərəfində qalan vəsaitlərin də qanuni fəaliyyət nəticəsində qazanıldığını və köçürmə əməliyyatlarının qanuniliyini təsdiq edən təkzibolunmaz sənədlər var, amma məhkəmə araşdırmaları zamanı həmin sənədlərin təqdim olunması tələb olunmadığından onlardan indiyədək istifadə olunmayıb.

Vəkil Çarlz Bott da öz açıqlamasında hələ də araşdırmaya ehtiyacı olan köçürmə əməliyyatlarının doğruluğunu sübut etmək üçün növbəti mərhələdə daha yüksək instansiyalı məhkəmədə davam etdiriləcəyini bildirib və nəticədə bütün vəsaitlərin tam şəkildə öz sahiblərinə qaytarılacağına əminliyini ifadə edib.

Beləliklə, 10 milyon funt sterlinq sahibinə qaytarılıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bənzər yazılar

Back to top button