Gündəm

İlham Əliyev SOCAR-a prezident təyin etdi – SƏRƏNCAM

Rövşən Çingiz oğlu Nəcəf Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti təyin edilib.

AzToday.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə o, SOCAR-ın I vitse-prezidenti vəzifəsindən azad olunub.

Məlumat üçün bildirək ki, R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər və Marketinq kafedrasında laborant vəzifəsində başlayıb. 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq Departamentinin İnvestisiya Siyasəti Şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb. 2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

Ölkə prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ İnkişaf və Elektron Hökumət Məsələləri Şöbəsinin müdiri təyin edilib.

Ölkə prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib.

İlham Əliyevin 10 fevral 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli dövlət müşaviridir.

Ailəlidir, 2 övladı var.

Bənzər yazılar

Back to top button