Hadisə

Naxçıvanda rəqəm-məqəm hoqqabazlığı… – Vasif müəllimdən nə desən çıxar…

Rəsmi məlumata görə, ötən il Naxçıvanda cəmi 31 cinayət hadisəsi qeydə alınıb. Bu haqda Naxçıvan daxili işlər nazirinin vəzifəsini icra edən Rəşad Ismayılov 2021-ci ilin yekunlarına dair yığıncaqda bildirib. Rəsmi rəqəmlərə görə, 461 min nəfər əhalisi olan muxtar respublikada cinayət hadisələrini adam başına bölsək, 15 min nəfərə cəmi 1 cinayət hadisəsi düşür.

Dia.az xəbər verir ki, 10 milyondan çox əhalisi olan Azərbaycanda cinayət hadisələrini adam başına böləndə 15 min nəfərə təxminən 50 cinayət işi düşür. Yəni, Azərbaycanın bir parçası olan Naxçıvandan 50 dəfə çox. Rəsmi məlumata görə, ötən il Azərbaycanda ümumilikdə 31 mindən bir az artıq cinayət hadisəsi qeydə alınıb.

Görəsən, Naxçıvanda cinayət hadisələrinin bu qədər aşağı olmasının səbəbi nədir?

Bəzi mütəxəssislər rəsmilərin sadaladığı rəqəmlərin reallıqdan uzaq olduğunu düşünürlər. Onların sözlərinə görə, Naxçıvanda baş verən cinayətlərin heç də hamısı qeydiyyata alınmır. Üstəlik hazırda orada rəsmi statistikada göstərilən sayda əhali də yaşamır.

Elə, bəzi Naxçıvan sakinləri də baş verən cinayətlərin qeydə alınmamasından şikayət edirlər. Naxçıvan şəhər sakini Maqsud Rəhimov deyir ki, bir neçə ay öncə həyat yoldaşı yol gedərkən, çantasını oğrular qaçırıb. O, bununla bağlı polisə şikayət edib. Lakin, polis çanta oğrusunu tapsa da, hadisəni gizlədib:

” Təxminən beş gün sonra polis bizi çağırıb dedi ki, cinayətkar tapılıb. Çantamızı qaytardılar. Ancaq dedilər ki, oğruya cinayət işi açılmayacaq, onu özləri başqa cür cəzalandıracaqlar. Özləri necə cəzalandıracaqlar, demədilər. Biz istəyirik ki, oğru qanunla cəzalandırılsın. Bizə bərk-bərk tapşırdılar ki, bu haqda heç kimə heç nə deməyək. Rəis dedi ki, yuxarıdan tapşırıq var ki, ancaq qətl və digər əməllər görə cinayət işi açılmalıdır”.

Naxçıvanda bu və buna bənzər cinayət hadisələrinin gizlədilməsi faktı çoxdur.

Təhlükəsizliyi baxımından adının çəkilməsi istəməyən, əvvəllər Naxçıvan DİN-də işləmiş keçmiş polis zabitlərindən biri də “Gündəlik Naxçıvan”a bildirib ki, cinayətlərin gizlədilməsi tapşırığı yuxarıdan verilib:

“Bir neçə il bundan əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib dedi ki, Naxçıvan bölgənin cinayətsiz zonası olacaq, bir neçə il sonra burada sıfır cinayət qeydə alınacaq. Bundan sonra bizə tapşırıq gəldi ki, getdikcə cinayət sayı aşağı düşməlidir ki, bir neçə il sonra sıfır olsun. Sıfır cinayət heç yerdə mümkün deyil. Ümumiyyətlə mümkün deyil ki, cinayət baş verməsin. Vasif müəllimin bu tapşırığını yerinə yetirmək üçün, məcbur qalıb 50-60 cinayət hadisəsindən birini qeydə alırdıq. Elə ölub ki, hətta qətl hadisələrinə belə cinayət işi açılmayıb. Təki Vasif müəllim deyən olsun”.

Rəsmi məlumata görə, 2021-ci ildə həm də Naxçıvanda törədilən bütün cinayətlərin üstü 100 faiz açılıb.

Bənzər yazılar

Back to top button