Analitika

Yeni nəqliyyat dəhlizi müharibədən sonra reallaşacaq

Bir çox ölkə böyük maliyyə imkanlarına malik olan Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əlaqələri genişləndirməyə və bu ölkə ilə ortaq layihələr reallaşdırmağa çalışır. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə son səfəri zamanı iki ölkə arasında ticarət mübadiləsini artırmaq məqsədilə müzakirələr aparmışdı. Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəyə yatırımları artıb.

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi və ticarət əməkdaşlığını genişləndirmək istəyən dövlətlər arasında Hindistan da var. Hindistanın baş naziri Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni ticarət dəhliziylə bağlı niyyət protokolu imzalayıb. Bu Narendra Modinin hakimiyyətə gəldiyi 2014-cü ildən bu yana onun Birləşmiş Ərəb Əmirliklərinə yeddinci səfəri idi. Yeni nəqliyyat dəhlizinə Brüssel və Vaşinqton da dəstək verib. Nəqliyyat dəhlizi Hindistanı, Birləşmiş Ərəb Əmirliklərini, Səudiyyə Ərəbistanını, İsraili və Avropanı əhatə etməlidir. Bu layihə barədə ilk dəfə “böyük iyirmilərin” 2023-cü ilin sentyabrında Dehlidə keçirilən sammitində məlumat verilmişdi. Layihənin reallaşmasına Yaxın Şərqdə başlayan müharibə mane oldu. Qəzzadakı müharibə layihənin reallaşmasına əngəldir. Vaşinqtonun İsraillə ərəb ölkələri arasında iqtisadi əlaqələri formalaşması istəyi arzu olaraq qalıb.

Buna baxmayaraq, layihənin gələcəkdə reallaşmasına inam var. Layihənin əsas iştirakçıları müharibənin bitməsini gözləyirlər. Buna qədər müxtəlif görüşlər həyata keçirilir. Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bu siyasətin tərkib hissəsidir. Birləşmiş Ərəb Əmirlikləri Hindistandan başlaması planlaşdırılan nəqliyyat dəhlizinə ümidlə baxır. Birləşmiş Ərəb Əmirlikləri 2020-ci ildə İsraillə diplomatik münasibətlər qurub. Bu amilin özü də layihənin reallaşacağına ümidləri artırıb. “Reuters” agentliyində yayımlanan məqalədə, yeni nəqliyyat dəhlizinin Çinin “bir kəmər, bir yol” dəhlizinə alternativ olduğu yazılıb. Buna baxmayaraq, dövlətlər hər iki layihənin imkanlarından istifadə edə bilərlər.

Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı investisiyalar barədə də saziş imzalayıb. İki ölkə rəqəmsal infrastrukturun yaradılmasıyla bağlı razılığa gəliblər. Birləşmiş Ərəb Əmirliklərində çox sayda hindli işçinin çalışması münasibətlərdə müsbət amillərdən biri sayılır. 9 milyon əhalisi olan Birləşmiş Ərəb Əmirliklərində hind əsillilərin sayı 3.5 milyon nəfərdir. Hindistan Birləşmiş Ərəb Əmirliklərinin neftinin əsas alıcılarındandır. Dehli bu ölkədən sıxılmış qaz almağı da planlaşdırır. Ümumilikdə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 100 milyard dollar civarında hədəflənib.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button