İqtisadiyyat

Taleh Qaraşov Lənkəranı neçəyə abadlaşdırır? – Bir ildə 4 tender

Lənkəran İcra Hakimiyyəti Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Xezer-Construction” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 729 425,78 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

20 aprel 2023-cü il tarixdə reystr məlumatlarına dəyişiklik edilib. Bu dəyişikliklə MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. Bundan əvvəl “Xezer-Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Şirkətin qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

“Xezer-Construction” MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bununla belə, dövlət qurumları hansısa səbəbdən bir şirkətə iriməbləğli sifarişlər verirlər.

Lənkəran İcra Hakimiyyəti indi bəhs etdiyimiz tender istisna olmaqla 2023-cü ildə abadlıq, quruculuq işləri ilə 3 tender keçirib. Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı 699 284,57 manatlıq tenderin qalibi “Mars Construction” MMC seçilib.

Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı 228.861,77 manatlıq tenderin qalibi isə “Topxana Layihə İnşaat” MMC olub.

Bu tenderlərdən əvvəl isə Lənkəran şəhər və rayon ərazisində aparılacaq bir sıra yenidənqurma və təmir-bərpa işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı müsabiqə keçirilib. Həmin müsabiqənin qalibi “Global Engineering Management Company” MMC olub. Layihə-smeta sənədlərinin hazırlanması xidmətinə görə şikrətə 46 804,7 manat ödənilməsi nəzərdə tutulub.

Beləliklə, 2023-cü ildə Lənkəranda abadlıq, quruculuq işlərinin xərci toplam olaraq 974 951, 04 manat təşkil edib. “Xezer-Construction” MMC ilə bağlanacaq müqaviləni də bura əlavə etdikdə abadlıq işlərinin xərci milyon yarımdan çox edir.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildə bu vəzifədədir.

Ümumiyyətlə isə Taleh Qaraşovun icra başçısı kimi karyerası 27 ili əhatə edir.

Bənzər yazılar

Back to top button