Hadisə

Azərbaycan – Rusiya sərhədində qalan azərbaycanlı: “Ümid edirik ki, bir yolla qayıda biləcəyik”

Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən Azərbaycan vətəndaşları toplaşıb. Həmin şəxslərdən biri, Azərbaycan vətəndaşı Rüfət Əliyev BBC News Azərbaycancaya deyib ki, onlara Azərbaycana keçməyə icazə verilmir.

Onlar “maddi problemlərə görə təxliyəni gözləyə bilmədiklərini” deyirlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri maddi sıxıntılar və kirayə ilə əlaqədar vətəndaşları səfirliyə müraciət etməyə səsləyib.

Martın 18-də koronovirusun yayılması ilə bağlı Rusiya ilə Azərbaycan arasında gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.

Rüfət Əliyevin dediyinə görə, o, və onunla birlikdə Dağıstana gələnləri sərhədə üz tutmağa maddi vəziyyətinin çətinləşməsi məcbur edib.

“Bura gələnlər mənim kimi insanlardır. Heç kəsMoskva, Peterburq və ya Vladivostok kimi yaxşı yerləri buraxaraq, bura gəlib, kəndin ortasında, orda-burda qalmaq istəməz, – Rüfət Əliyev bildirir. – Köhnə sənaye binasında qalan var. Məsciddə növbə-növbə yatanlar var. Kənd camaatı sağolsun, bəziləri aparırlar evlərinə, çörəkləri ilə bolüşürlər”, – Dağıstanın Məhərrəmkənd rayonundakı Qullar kəndində olan Rüfət Əliyev bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri maddi sıxıntılar və kirayə ilə əlaqədar vətəndaşları səfirliyə müraciət etməyə səsləyib. [Bu cümlə bir qədər dəyişdirilib, bundan əvvəl burada geri qayıtmaq istəyən vətəndaşların səfirliyə müraciət etmələri barədə cümlə qeyd olunmuşdu.- red.]

“Vətəndaşlar digər problemlərlə üzləşirlərsə, bu istər maddi sıxıntılar olsun, kirayə ilə əlaqədar hər hansı bir problemləri varsa, belə olan halda, təbii ki, vətəndaşımız birinci növbədə, səfirliyə zəng edib bununla bağlı məlumat verməlidir. Söhbət burada yalnız hazırda Rusiyada olan vətəndaşlarımızın üzləşdiyi problemlərdən gedir”, Leyla Abdullayeva bildirib.

O bundan əvvəl bildirib ki, “Azərbaycan hökuməti bütün vətəndaşlarına yardım göstərir və bunu davam etməkdir. İndiki vəziyyətdə xahişimiz səbirli, anlayışlı olmaqdır”.

Rusiyada yaşayan azərbaycanlılar www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə ölkəyə qayıda bilər. Məlumata əsasən, qeydiyyatdan sonra ardıcıllıqla qayıtma vaxtı təyin olunacaq.

Lakin Rüfət Əliyevin dediyinə görə, o, portalda qeydiyyatdan keçsə də, Azərbaycana qayıda bilməyib.

“Mən qeydiyyatdan keçəndə ayın 20-si idi. 1010-cu idim. Bu gün baxmışam ki, 636-cı adamam. Hamı gözləyir nə olacaq, ümid edirik ki, bir yolla qayıda biləcəyik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyir ki, Rusiyada qalan vətəndaşları qaytarmaq üçün 18-23 aprel arasında evegedirem.info portalında qeydiyyat başa çatıb, məlumat təhlil edilməkdədir və təxliyə planları mərhələli şəkildə davam etdiriləcək.

“Azərbaycan vətəndaşlarının qaytarılması məsələsi ölkədə infeksiyanın yayılması ilə bağlı mövcud vəziyyət və karantin yerlərilə birbaşa əlaqəli şəkildə həyata keçirilir.”

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub və sonradan bu müddət mayın 4-dək uzadılıb.

BBC

Bənzər yazılar

Back to top button