Tibb işçilərinin adına maaş yazıb mənimsəyən baş həkimin əməlləri işfa olundu

by Aztoday Xəbər Portalı

1 nömrəli uşaq Somatik sanatoriyasının vəzifəli şəxslərinin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edilib.

Bu barədə AzToday.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, adı çəkilən sanatoriyasının baş həkimi Dilay İslamova və həmin müəssisənin baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq hazırda istintaqı aparılır.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Dilay İslamova və Burhan Cəfərovun sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin faktiki olaraq işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əmək haqqı kartlarını özlərində saxlamaqla həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bənzər Yazılar