Hadisə

Həbs edilən məmur rüşvət almadığını, dələduzluq etdiyini deyir – Pulu öz maşınında alıb

Rüşvət almaqda təqsirləndirilən məmur Ali Məhkəməyə müraciət edərək əməlinin dələduzluq kimi qiymətləndirilməsini, ona daha yüngül cəza verilməsini xahiş edib.

Musavat.com xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri olmuş Eyyub Gülməmmədov öz maşınında rüşvət alarkən saxlanılıb.

İttihama görə, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri olmuş E.Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində E.Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar müdiri olduğu idarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan iki otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində ondan 3 000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

İstintaq orqanı tərəfindən E.Gülməmmədovun barəsində Cinayət Məcəllənin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi E.Gülməmmədovun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəməuə müraciət edən E.Gülməmməodv bildirib ki, onun əməli rüşvət alamq yox, dələduzluq olub. Buna görə də ona qarşı irəli sürülən rüşvət alma maddəsi dələduzluq maddəsinə tövsif edilməlidir.

Ali Məhkəmədə prokuror hökmün dəyişdirilməsinə etiraz edib. Hakim tərəfləri dinlədikdən sonra E.Gülməmmədov barəsində çıxarılan hökmün dəyişdirilməməsi barədə qərar qəbul edib.

Qərar belə əsaslandırılıb ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayı.

“İbtidai araşdırma orqanı, apellyasiya instansiya məhkəməsi məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplayıb, həmin sübutlar məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılıb”- deyə Ali Məhkəmənin qərarında qeyd edilir.

Bənzər yazılar

Back to top button