Dünya

Ukraynanı nə gözləyir, müharibə olacaqmı? – Kiyevdən baxış

Ukrayna ictimaiyyəti Qərb kütləvi informasiya vasitələrinin nəşrləri və Rusiya da daxil olmaqla, siyasətçilərin, hərbçilərin və ekspertlərin qarşıdakı müharibə barədə bəyanatları fonunda gərgin vəziyyətdə gözləmədədir. Sıravi vətəndaşlar bunu ciddi qəbul etmirlər və Rusiya ilə genişmiqyaslı müharibəyə inanmırlar, digər bir hissə – siyasətçilər və hərbçilər gələn ilin əvvəlində Rusiyanın təcavüzünü mümkün hesab edirlər. Bu barədə ukraynalı siyasi icmalçı və jurnalist Roman Çaykovski Turan-a müsahibəsində bildirib.

“Sadə xalq vəziyyəti lazımınca qiymətləndirmir. Bunu adekvat qəbul etmək lazımdır, səhv baha başa gələ bilər. Lakin hökumət və parlamentin böyük hissəsi təhlükəni dərk edirlər”, – ekspert qeyd edib.

Ukrayna ordusunun vəziyyəti və silahlanması barədə sualın cavabında Çaykovski deyib ki, ordu kifayət qədər güclüdür və Krımın itirilməsindən sonra vaxt hədər yerə getməyib. “Hərbçilər deyirlər ki, biz təcavüzü dəf etməyə hazırıq”, – o qeyd edib.

Eyni zamanda əgər bütün sərhəd boyunca raket silahlarından və bombardmanlardan istifadə edilməklə genişmiqyaslı təcavüz olarsa, qarşı durmaq çətin olacaq. “Ancaq Moskvada başa düşməlidirlər ki, Ukrayna ərazisində altı atom stansiyası var. Onlardan biri belə bombalansa nə baş verər? Bu, təkcə Ukraynaya yox, Rusiyanın özünə və bütün Avropaya böyük ziyan vuracaq”, – Çaykovski deyib.

Kiyevdə hesab edirlər ki, gözlənilmədən Rusiyanın hərbi müttəfiqinə çevrilən Lukaşenkonun mövqeyi də müəyyən dərəcədə mənfi rol oynayıb. Müharibə olarsa, Belarus sərhəddindən də hücum gözləmək lazımdır

“Rusiyanın məqsədi nədir?” sualının cavabında şərhçi deyib ki, Putin bu və ya digər səviyyədə SSRİ-ni yenidən yaratmaq məqsədini gizlətmir. “Bu, Ukraynasız mümkün deyil, hətta Rusiya digərlərini birləşdirsə belə, orada azlıq olacaq, bu isə Moskvada elan edilmiş “Rus dünyası” ideyasına ziddir”, – Çaykovski deyib.

“Rusiya Kiyevdən Krım və Donbasın itirilməsini etiraf etməyi tələb edərək müharibə ilə şantaj edir” fikirləri nə dərəcədə doğrudur? Bu sualın cavabında Çaykovski deyib ki, bu, mümkün ssenarilərdən biridir. O, Kremlin böyük dövlət kimi dünyada öz çəkisini və rolunu gücləndirməyə can atdığını istisna etmir.

Daha bir ssenari Kiyevi Qərbdən üz döndərməyə, Avropa İttifaqı və NATO-ya can atmaqdan imtina etməyə məcbur etməkdir. Son zamanlar Ukrayna cəmiyyətinin bir hissəsi Moskvanın bu məsələdə narazılığını nəzərə almağın tərəfdarıdır.

“Lakin cəmiyyətin böyük hissəsi Avropa İttifaqı və NATO ilə yaxınlaşma kursunun dəyişməz qalmasına tərəfdardır. Bu əhval-ruhiyyə bundan sonra da qalacaqmı? Bu, bir çox halda Putin-Bayden görüşünün nəticələrindən və kollektiv Qərbin gələcək addımlarından asılı olacaq”, – Çaykovski vurğulayıb.

Amma Ukrayna hakimiyyətinin Moskvanın şantajına güzəştə gedəcəyini və Qərbdən üz döndərəcəyini güman etsək belə, bu, Ukrayna daxilində sabitliyi pozacaq, şərhçi hesab edir.

Çaykovski Qərbin mövqeyilə bağlı sualın cavabında deyib ki, heç kim illüziyalara qapılmır, lakin Ukraynada Qərbin siyasi və qismən hərbi dəstəyinə inanırlar. Bu, ilk növbədə Amerikaya aiddir. “Biz başa düşürük ki, NATO bizim yerimizə savaşmayacaq, amma 2014-cü ildə Krımda bizimlə baş verənlər bir daha olmayacaq.

Onu da başa düşürük ki, Rusiyada imperiya əhval-ruhiyyəsi üstünlük təşkil edir və bu ölkə hər zaman aqressiya mənbəyi olacaq və mümkün olan hər şeyi ələ keçirməyə çalışacaq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu dövlətin təbiəti belədir”, – Roman Çaykovski fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button