Cəmiyyət

Deputatların maraqlı “WhatsApp” qrupları: – “Ağsaqallar Şurası”, “YAP”, “Media”…

Deputat Vüqar Bayramovun son müsahibəsi müzakirələrə yol açıb.

Deputat Milli Məclisdə rəsmi və qeyri-rəsmi votsap qruplarının olduğunu deyib. Bunların içində “Dostlar”, “Səmimiyyət” adlı qrupların adını qeyd edib. Deputat komitə üzvlərinin yer aldığı qruplarda qeyri-rəsmi müzakirələr apardıqlarını, ən azı həftədə bir dəfə həmkarları ilə Milli Məclisdən kənarda görüşdüklərini bildirib. Maraqlıdır, millət vəkillərinin üzv olduğu hansı “WhatsApp” qrupları var? Qruplarda nələr müzakirə olunur? AzToday.az xəbər verir ki, Milli Məclisin deputatları Cebhe.info-nun sorğusunu cavablandırıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini üzvü Aqil Abbas heç bir qrupa üzv olmadığını bildirdi:

“”WhatsApp”dan da istifadə etmirəm”.

Aqil Abbas qrupdan istifadə etməməsini “köhnə kişi” olmasi ilə əlaqələndirdi:

“Mən köhnə kişilərdənəm. Telefonla ancaq danışaram”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü Aydın Mirzəzadə sözügedən qruplara elə də maraqlı olmadığını dedi:

“Mən açığı, qruplara elə də maraq göstərmirəm. “Facebook” profilimdəki sualları cavablandırıram. İmkan olanda digər izləyicilərin yazılarına baxıram”. Deputatların müxtəlif qruplarının olduğunu deyən Aydın Mirzəzadə yalnız təmsil etdiyi komitənin adına və işinə uyğun qruplarda olduğunu açıqladı: “Məsələn, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olduğuma görə eyniadlı qrupun üzvüyəm”.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə isə qoşulduğu “WhatsApp” qruplarının texniki məlumat xarakteri daşıdığını bildirdi:

“Burada müvafiq komitələrin işləri qeyd edilir. Məsələn, görüş filan saatda olacaq və s. Konkret olaraq işlə bağlı olan məqamdır”.

Deputat həmkarları ilə bir günlük, bir həftəlik qruplara üzv olduğunu da dedi.

Milli Məclisin Aqrar siyasət komitəsini sədri Tahir Rzayev bəzi qruplarda müzakirələr aparmadığını bildirib. O, bunu müzakirələrin sağlam olmamasıyla əlaqələndirdi:

“Bəzən artıq söhbətlər aparılır. Bu səbəbdən həmin qruplarda çox olmuram. Müzakirə aparırıqsa, deputatlar buradadır, otururuq bir yerdə, edirik. “WhatsApp”da müzakirə aparmaq heç effektiv deyil axı. “Ağsaqallar Şurası”, “YAP”, “Media” qrupunda varam. Özümüzə məxsus 10 qrupda təmsil olunuram”.

Komitə sədrinin sözlərinə görə, parlamentdə elə qruplar var ki, bəzən deyilən sözü təhrif edirlər, sonra başqa deputatlar buna pis reaksiya verməyə başlayırlar:

“Adam əsəbiləşir, vaxtı gedir. Doğru fikir dediyin üçün gərək mülahizələr yürüdəsən. Baş ağrısıdır”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deputatların olduğu bir neçə “WhatsApp”qrupuna üzv olduğunu açıqladı:

“Mən əsasən 3 qrupda varam. “Media”, “YAP”və s. Burada biz deputatlarla fikir mübadiləsi edirik. Mən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, İnsan hüquqları komitəsinin üzvüyəm. Hər bir komitə ilə bağlı qruplarımız var. Burada ciddi müzakirələrimiz gedir, fikirlərimizi yazırıq, paylaşımlar edirik. Bu baxımdan faydalıdır. Qanun layihələri müzakirə edilir, iclasların vaxtı göstərilir və s.”.

Deputat sözügedən “WhatsApp” qruplarında həmçinin həmkarlarının bir- birinə təbriklər yazdıqlarını da deyib:

“Yeri gəlmişkən, bu gün ad günümdür. Bütün qruplardan mənə təbriklər gəlib. Qrup üzvləri belə məqamlarda təbrik edirlər. Prinsip etibarilə, bu qrupların mövcudluğu özü çox yaxşıdır. İşlək alətdir. Hesab edirəm ki, qruplar mövqeyini ifadə etmək, ideyalarını paylaşmaq üçün çox vacibdir”.

Bənzər yazılar

Back to top button