Cəmiyyət

Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti vəfat edib

İyunun 20-də Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayev vəfat edib. Bu barədə Azərbaycan Elmlər Akademiyası məlumat yayıb.

Salayev 1983-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. Keçmiş SSRİ Ali Sovetinin deputatı (1984-1992) və Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olub.

1956-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini bitirib. 1975-ci ildə elmlər doktoru dərəcəsi, 1979-cu ildə professor elmi adını alıb, 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilib.

Eldar Salayev yarımkeçiricilər fizikası, kvant elektronikası və fotoelektronika sahəsində mütəxəssis kimi tanınıb.

Azərbaycan Milli İstiqlal Partiyasının qurucularındandır. 2005-ci il oktyabrın 18-də dövlət çevriliişinə və kütləvi iğtişaşlara hazırlıqda ittiham edilərək həbs edilib.

Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov 2005-ci il oktyabrın 19-da Milli Məclisə təqdimatında bildirib ki, Milli Məclisin deputatı Salayev hakimiyyəti ələ keçirmək məqsədilə parlamentin eks-spikeri, mühacirətdə olan Rəsul Quliyevlə əlbir olub.

Salayevin həbsinə etiraz olaraq çoxsaylı beynəlxalq təşkilat, həmçinin Rusiyada çoxsaylı alim etiraz bəyanatları verib. Qısa müddət həbsdə qaldıqdan sonra 2005-ci il noyabrın 22-də azad edilib. Eldar Salayev o zaman “Amerikanın səsi”nə həbsinin siyasi sifariş olduğunu bildirmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button