GündəmHadisəManşet

Nyu-Yorkda qətlə hazırlıqda şübhəli bilinən azərbaycanlı həbs olunub

Cümə axşamı Nyu-York polisi Bruklində məşhur İranlı dissidentin evinin yaxınlığında üzərində doldurulmuş AK-47 avtomatı olan şəxsi həbs edib, bu barədə avqustun 1-də Fox News kanalı məlumat yayıb.

23 yaşlı Azərbaycanlı Xalid Mehdiyev günorta saatlarında polis tərəfindən saxlanılıb, onun maşınında doldurulmuş AK-47 avtomatı və 66 ədəd güllə aşkar edilib.

Araşdırma nəticəsində məlum olub ki, Mehdiyev bir müddət əvvəl ABŞ-da yaşayan İranlı dissident Məsiha Əlinejadın evinə yaxınlaşıb. Mehdiyev onun evinin ətrafında bir neçə saat qalıb, qapıya yaxınlaşıb və özünü şübhəli aparıb.

Ötən il İran vətəndaşları Əlinejadı oğurlamağa çalışıblar. 2021-ci ilin iyulunda o, Fox News-a İran hakimiyyətini tənqid etdiyinə və hüquq pozuntuları haqqında işinə görə təqib olunmasından danışıb. Xüsusən, o, insanların Tehran küçələrində döyülməsinin xronikasını tutur, habelə hicabı çıxaran İran qadınları haqqında yazılar yazır.

Fox News-un məlumatından Mehdiyevin hazırda Azərbaycan vətəndaşı olub-olmadığı və ona qarşı hansı ittihamın irəli sürüldüyü aydın deyil. Bu şəxsin vaxtilə cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvü olduğu məlumdur.

Rəsmi Bakı və hüquq-mühafizə orqanları hələlik bu hadisə ilə bağlı şərh vermir.

Son məlumatlara görə, Mehdiyevə qarşı sürücü vəsiqəsi olmadığına görə avtomobildən qanunsuz istifadə etmək və qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. O, saxlanıldığı zaman kimi isə təqib etdiyini təkzib edib, Bruklində özünə ev axtardığını bildirib. Avtomata gəlincə, Mehdiyev bu silahın ona məxsus olmadığını iddia edib, bundan sonra sualları cavablandırmaqdan imtina edib.

Daily Mail nəşrinin məlumatına görə, avqustun 2-də o, Nyu-York məhkəməsinə çıxarılacaq, məhkəmə onun taleyini həll edəcək.(Turan)

Bənzər yazılar

Back to top button