Cəmiyyət

Kuryerlərin mətbuat konfransı: 2000-dək kuryer “Wolt”u boykot edib

“Wolt” şirkətinin bir qrup kuryeri sentyabrın 5-i “Caspian Platform”da mətbuat konfransı keçirib.

Konfrans “D18 Hərəkatı”nın işçi masasının təşkilatçılığı ilə baş tutub.

Təşkilatçı Afiəddin Məmmədov deyib ki, onlar əsasən üç tələblə çıxış ediblər: “Birincisi, ikili sifarişlərdə hər sifariş götürüldüyü yerdən, çatdırıldığı yerə hesablansın, ikincisi, hər 100 metr üçün tarif üç qəpikdən altı qəpiyə qaldırılsın, üçüncüsü də, yol xəritəsi “Waze” və ya “Google Maps” kimi dünyaca tanınmış proqramlar olsun”.

Onun sözlərinə görə, kuryerlərin tələbləri yerinə yetirilməyincə etirazlar davam edəcək: “Biz hər gün bölgə-bölgə kuryerlərlə görüşürük, boykotla bağlı ətraflı məlumat veririk. Kuryerlər isə öz növbəsində boykotu davam etdirəcəklərini bildiriblər”.

Kuryer Orxan Zeynalov deyir ki, bu il aprelin 21-dən boykota başlayıb: “Bir çox kuryer həmkarlarımız həmin ərəfədə boykota qoşulmadı. Bunun səbəbi Qurban bayramı ilə bağlıydı. Şirkət də öz növbəsində sifarişlərin azlığını bayramla əlaqələndirmişdi. Amma sonradan gördük ki, vəziyyət dəyişmir, əksinə, tariflər aşağı düşür. Əgər biz apreldə qiymətin 1 manat 60 qəpik olmasına görə şirkəti boykot edirdiksə, bu gün tariflər 1 manat 50 qəpiyə düşüb”.

“Əgər “Wolt”u restoran kimi təsəvvür etsək, biz o şirkətin ofisiantlarıyıq. Şirkətin inkişaf etməsində əməyi keçən, həyati təhlükə ilə üz-üzə qalan bizlərik. Həyatımız iki təkər üzərindədir. Sual yaranır: bəs mən bir işçi kimi bu şirkət üçün hansı yerdəyəm ki, mənə verilən dəyər ən aşağı səviyyədədir?”, – deyə kuryer bildirib.

Kuryerlərdən İsa Aşumov çatdırılma zamanı istifadə etdikləri nəqliyyata çəkilən xərclərə diqqət çəkib: “Ayda 80 manat təkcə motosikletin yağlanmasına sərf edirik. Bundan başqa, benzin, kontur, sığorta xərclərimiz də var. Nəzərə alsaq ki, kuryerlərin bir çoxu tələbələrdir və onlar həm də qaldıqları kirayə ev üçün də pul qazanmalıdır, gündəlik 17-18 manat qazancla bu xərcləri qarşılamaq absurd görünür”.

Kuryerlər şirkət rəhbərliyini ədalətli olmağa çağırıb. Onlar düşünürlər ki, şirkət insan haqlarına qərəzli yanaşır.

Konfransda iştirak edən kuryerlər daşınma haqqının endirilməsinə etiraz əlaməti olaraq digər kuryer yoldaşlarına “Wolt”u boykot etmələrinə çağırış ediblər.

Təşkilatçı Afiəddin Məmmədovun sözlərinə görə, hazırda 2000-dək kuryer “Wolt” şirkətini boykot edib.

“Wolt” yemək daşıma şirkəti 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub.

Mənzil qərargahı Helsinki şəhərində yerləşir.

Şirkət 2019-cu ildə Azərbaycanda fəaliyyətə başlayıb.

Bənzər yazılar

Back to top button