İdman

“Mutu bizdən başqa futbol tələb edir” – Emin Mahmudov

“Maraqlı oyun oldu. Rəqib yaxşı müdafiə olunurdu. Biz isə çalışırdıq müdafiə xəttini yaraq. İlk hissədə rəqibi əks-hücumda yaxaladıq. Pressinqlə topu aldıq və hesabda önə keçdik. Bundan sonra daha rahat oynadıq. İkinci qolu tez vursaydıq, işimiz daha asan olardı. İnanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik”.

Bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Jelezniçar” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.

O, Adrian Mutunun gəlişindən sonra “Neftçi”də hansı dəyişikliklərin olması barədə sualı belə cavablandırıb: “Ümumən keçmiş məşqçimiz barədə danışmaq istəməzdim. Lakin onu deyə bilərəm ki, Mutu bizdən başqa futbol tələb edir. Biz də çalışırıq ki, onun tapşırıqlarını yerinə yetirək. Komandanın neçə faiz dəyişməsi barədə nəsə deyə bilmərəm. Hələ tezdir, bunun üçün bir qədər vaxt lazımdır. Mutu daha çox topla oynamağı istəyir”.

Mahmudov qarşıdakı bir həftədə sıx qrafikdə oynamalarına belə münasibət bildirib: “Əslində, gözləyirdim ki, “Kəpəz”lə oyunun yeri dəyişsin. İlk turda biz rəqibi öz meydanımızda qəbul edək. Gəncəyə getmək üçün uzun yol qət edəcəyik. Ardınca isə böyük ehtimalla “Beşiktaş”la oynayacağıq ki, bu matç bizim üçün çox çətin olacaq. Üstəlik, ilk oyun da səfərdədir. Buna görə güzəşt olmasını istərdim. Amma alınmırsa, problem yoxdur, oynayarıq. İndidən “Beşiktaş” barədə düşünməməliyik. İlk növbədə “Kəpəz”i məğlub etməliyik. Çünki çempionat başlayır və bu, bizim üçün vacib matçdır”.

O qeyd edib ki, yeni transferlərin gəlişi komandanın gücünə güc qatır: “Nə qədər yaxşı oyunçular komandaya cəlb olunsa, bu, yaxşıdır. Çünki güclü legionerlərin gəlişi ilə komandanın səviyyəsi qalxacaq”.

Bənzər yazılar

Back to top button