Cəmiyyət

Mətbuat Şurasının sədri Çingiz Abdullayevə sual verən jurnalisti tənqid etdi

“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlər”in hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var”.

Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, jurnalistlər yaşlı yazıçılarla, alimlərlə kobud davranır:

“Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.

Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa – robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.

Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.

“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram”.

Qeyd edək ki, ötən gün keçirilən Yazıçılar Birliyinin Qurultayında gərgin anlar yaşanıb. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qurultay üçün ayrılan 203 min manatla bağlı ünvanlanan suala sərt şəkildə cavab verib. Ç.Abdullayevin jurnalistə bu şəkildə cavab verməsi sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.

Bənzər yazılar

Back to top button