Siyasət

Konqresmen Rouzer Dövlət Departamentini Qubad İbadoğlunun azad edilməsinə nail olmağa çağırıb

Cümə günü ABŞ konqresmeni, Şimali Karolinadan respublikaçı Devid Rouzer həmkarları adından Konqres rəhbərliyinə müraciət edərək Dövlət Departamentini Qubad İbadoğlunun Azərbaycan həbsxanasından qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Cənab spiker, fəxr edirəm ki, Amerikanın bir neçə aparıcı universitetində dərs deyən hörmətli alim və iqtisadçı doktor Qubad İbadoğlunun vəziyyətilə bağlı ikipartiyalı qətnamə təqdim etdim”, – Rouzer deyib.

O xatırladıb ki, 2023-cü ilin iyulunda Azərbaycana səfəri zamanı İbadoğlu və onun xanımı polisin amansız hücumuna məruz qalıb, alim siyasi motivli və əsassız ittihamlarla həbs edilib.

“Bu günə qədər onu həbsdə saxlamağa davam edirlər, vəkillə görüş və həyati əhəmiyyətli dərmanların çatdırılması imkanlarından məhrum edirlər. Bu sui-istifadə qanunsuzdur və həyat üçün təhlükəlidir”, – konqresmen bildirib.

“Hazırda doktor İbadoğlunun yaşadığı şey insan hüquqlarına hörmət edilməyən və adamların əsassız ittihamlarla həbs olunduğu ölkələrdə nələrin baş verə biləcəyinə xatırlatmadır”, – o deyib.

Roserin çıxışı ABŞ dövlət katibi Entoni Blinkenin Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən bir neçə saat əvvəl səslənib.

Dövlət Departamentinin məlumatına görə, görüşdə Blinken “Azərbaycanın insan hüquqları ilə bağlı öz beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb”.

Dövlət katibi və prezidentin konkret məsələləri müzakirə edib-etmədiyi bəlli deyil, lakin köməkçisi Ceyms O’Brayen xarici işlər naziri Ceyhun Bayramovla ayrıca görüş keçirib.

Xatırladaq ki, ötən həftə konqresmen Rouzer və ABŞ Konqresinin 20 digər üzvü Azərbaycanı doktor İbadoğlunu dərhal azad etməyə çağıran qətnamə (1012 saylı qətnamə) qəbul ediblər. Həmmüəlliflər həmçinin dövlət katibini Azərbaycan hökumətilə bütün əlaqələrdə Qubad İbadoğlunun azadlığa buraxılması məsələsinə xüsusi diqqət yetirməyə çağırıblar.

Bənzər yazılar

Back to top button