ManşetSiyasət

ABŞ xaricdə insan hüquqlarının pozulmasına görə “Sandvine” şirkətini “qara siyahı”ya daxil edib

Çərşənbə günü ABŞ bildirib ki, Kanadanın “Sandvine” şəbəkə kəşfiyyat firmasını təşkilatların “qara siyahı”sına əlavə edib və Amerika firmaları ilə biznes qurmağı ona qadağan edib.

Ontarioda yerləşən şirkət uzun müddətdir ki, öz veb-monitorinq texnologiyasını avtoritar rejimlərə, o cümlədən Azərbaycana satmaqda ittiham olunur.

“Sandvine” bütün dünyada- Azərbaycan, İordaniya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə insan hüquqlarının repressiv hökumətlər tərəfindən pozulmasında iştirak edib”.

Torontoda yerləşən və bütün dünyada elektron rabitəni izləyən Access Now monitorinq təşkilatının məlumatına görə, “Sandvine” Belarusda “2020-ci il etirazlarının yatırılması zamanı Aleksandr Lukaşenko rejimi tərəfindən internetin kəsilməsində birbaşa rol oynayıb”.

Dövlət Departamentinin bəyanatında deyilir ki, “Sandvine” “xəbərlərin bloklanması, həmçinin siyasi xadimlərin və hüquq müdafiəçilərinin təqib edilməsi, hakimiyyətin tənqidçilərinin və dissidentlərin elektron cihazlarına casus proqramlarının quraşdırılması üçün kütləvi veb- monitorinq və senzurada istifadə olunan yoxlama paketləri alətləri tədarük edir”.

“Sandvine” şirkətinin hazırkı və keçmiş əməkdaşlarının məlumatlarına görə, şirkətin avadanlığından ondan çox ölkədə internetdə senzura üçün istifadə edilib: Azərbaycan, Əlcəzair, Əfqanıstan, Misir, Eritreya, İordaniya, Küveyt, Pakistan, Qətər, Rusiya, Sudan, Tayland, Türkiyə, Özbəkistan və digərləri.

Vaşinqtonun texnoloji şirkətə qarşı sanksiyaları hökumətlərə qarşı həyata keçirilə biləcək tədbirlərdən xəbər verirmi? Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın bu sualına konkret cavabdan yayınıb. “Mənin hər hansı başqa şərhlərim yoxdur”, – o deyib.

Dövlət Departamentinin bəyanatına görə, son hərəkətlər “ABŞ-ın insan hüquqlarının pozulmasına, jurnalistlərin və fəalların təqib olunmasına xidmət edən casus texnologiyalarından qanunsuz istifadəyə görə onların istehsalçılarının məsuliyyətə cəlb olunmasına kömək edəcəyinə dair inandırıcı siqnal göndərir”.(Turan)

Bənzər yazılar

Back to top button